Massimiliano Alleqri İtaliya Kubokunda rekorda imza atdı

İtaliya Kubokunun “Atalanta” ilə final oyunundakı qələbə “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, ötən gecə Romadakı “Olimpiko” stadionunda baş tutan həlledici oyunda “Yuventus” “Atalanta”nı 1:0 hesabı ilə məğlub edərək, tarixində 15-ci dəfə İtaliya Kubokuna sahib olub.

“Byankoneri”nin baş məşqçisi Alleqri üçün bu oyun İtaliya Kubokunda qazandığı qalibiyyətlərin sayı baxımından əlamətdardır.

Belə ki, italyan mütəxəssis İtaliya Kubokunda 5-ci dəfə qalib olaraq, bu göstricidə mütləq rekordu müəyyənləşdirib. Alleqri həmkarları, hərəyə 4 zəfər qazanmış məşqçilər – italyan mütəxəssis Roberto Mançinini və həmçinin isveçli mütəxəssis Sven-Yoran Erikssonu geridə qoyub.

Massimiliano Alleqri “qoca sinyora”ya 5 dəfə – 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018 və 2023/2024-cü illər mövsümündə İtaliya Kubokunda qalibiyət sevinci yaşadıb.

Xatırladaq ki, Alleqri “Yuventus”u 2021-ci ilin may ayından çalışdırır. İtalyan mütəxəssisin “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Alleqri buna qədər 2014-2019-cu illərdə “byankoneri”ni çalışdırıb. Ümumilikdə Alleqri “Yuventus”a 5 dəfə İtaliya A Seriyasını, 5 dəfə İtaliya Kubokunu, 2 dəfə İtaliya Super Kubokubu qazandırıb. O, həmçinin Turin təmsilçisi ilə 2 dəfə Çempionlar Liqasının finalçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: