Massimiliano Alleqri – “Napoli”nin yeni baş məşqçisi!

İtaliyalı futbol mütəxəssisi, “Yuventus” və “Milan”ın sabiq baş məşqçisi Massimiliano Alleqri bundan sonra “Napoli”yə rəhbərlik edəcək.

Arena.az xəbər verir ki, bu barədə Neapol klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komandanın sükanı arxasına təcrübəli italiyalı mütəxəssis Alleqri gətirilib. Tərəflər arasında imzalanmış müqavilə 3 il müddətinə (2029-cu ilin 30 iyununadək) nəzərdə tutulub.

Alleqri “Napoli”də ötən mövsüm bitəndən sonra ayrılmağa qərar vermiş Antonio Konteni əvəz edib.

58 yaşlı məşqçi ötən mövsüm “Milan”ı çalışdırıb. Bundan əvvəl isə o, iki müxtəlif dövrdə “Yuventus”a rəhbərlik edib. Alleqri ilk dəfə 2014-2019-cu illərdə Turin klubunu çalışdıraraq komandanı İtaliya futbolunun dominant qüvvəsinə çevirib. Daha sonra 2021-ci ildə yenidən “Yuventus”a qayıdıb və 2024-cü ilə qədər burada fəaliyyət göstərib.

Onun rəhbərliyi altında “Yuventus” beş dəfə A Seriyasının, beş dəfə İtaliya Kubokunun qalibi olub, həmçinin iki dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Alleqri ilk dəfə 2010-cu ildə “Milan”ın baş məşqçisi təyin olunmuşdu. O, 2010/2011 mövsümündə “rossoneri”ni A Seriyasının çempionu edib, eyni ildə klubla İtaliya Super Kubokunu da qazanıb.

Xatırladaq ki, Massimiliano Alleqri futbolçu kimi 1997/1998 mövsümündə “Napoli”nin formasını geyinib. O, məşqçilik fəaliyyətinə 2003/2004 mövsümündə başlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: