“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun diqqət mərkəzindədir.
Arena.az bu barədə adının hallanmasını istəməyən nüfuzlu italyan mənbəyə istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasında yaxın vaxtlarda danışıqların başlayacağı deyilir. Ərəblərin Alleqriyə 25 milyon avro məbləğində məvacib təklif edəcəyi bildirilib. İtalyan mütəxəssisin müvafiq seçimə müsbət münasibət göstərdiyi haqda məlumat var.
Alleqrinin “Yuventus”dakı cari maaşı 7 milyon avrodur. Tərəflər arasında görüşün yaxınlarda Monakoda baş tutacağı ehtimal edilir.
Xatırladaq ki, Alleqrinin rəhbərlik etdiyi “Yuventus” 2022/2023 mövsümündə uğursuzluğa düçar olub. Klubun adı maliyyə fırıldağında hallanıb və məhkəmə araşdırmaları nəticəsində “Qoca sinyora”nın təqsiri sübuta yetirilərək barəsində 10 xallıq cəza tədbiri görülüb. Nəticədə turnir cədvəlindəki mövqeyini itirmiş turinlilər 7-ci pillədə qərarlaşıblar. “Yuventus” gələn mövsümdə Avropa Konfrans Liqasında mübarizə aparacaq.
Massimiliano Alleqri 2021-ci ilin may ayından “Yuventus”a rəhbərlik edir. O, daha öncə 2014-2019-cu illər aralığında da Turin təmsilçisinin baş məşqçisi olub. Turinlilər bu mütəxəssisin rəhbərliyi altında 379 oyun keçiriblər. Bu görüşlərdə 249 qələbə qazanmış “Yuve”, 62 heç-heçə edib, 68 məğlubiyyətə üzülüb.


