İtaliya A Seriyasının 21-ci turunun “Leççe” ilə səfər oyunu “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 56 yaşlı mütəxəssis A Seriyasında 300-cü qələbəsinə sevinib.
Rəqib üzərində 3:0 hesablı qalibiyyət Alleqrinin karyerasında 300-cü olub. O, İtaliya çempionatında bu həddə çatan üçüncü məşqçidir. Alleqri hazırda qələbə sayında yalnız Covanni Trapattoni (352) və Nereo Rokkodan (302) geri qalır.
Alleqri növbəti turlarda qələbə qazanacağı halda, nəticəsini daha da yaxşılaşdıra bilər. Şənbə günü, yanvarın 27-də “Yuventus” 22-ci tur çərçivəsində evdə “Empoli”ni qonaq edəcək. Oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Xatırladaq ki, Massimiliano Alleqri 2021-ci ilin may ayından “Yuventus”a rəhbərlik edir. İtalyan mütəxəssisin “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
O, daha öncə 2014-2019-cu illər aralığında da Turin təmsilçisinin baş məşqçisi olub. Turinlilər bu mütəxəssisin rəhbərliyi altında 402 oyun keçiriblər. Bu görüşlərdə 267 qələbə qazanmış “Yuve”, 66 heç-heçə edib, 69 məğlubiyyətə üzülüb.
Alleqri daha əvvəl İtaliya yüksək liqasında “Milan” və “Kalyari”də də çalışıb. “Yuventus” hazırda onun rəhbərliyi altında 52 xalla A Seriyasında turnir cədvəlinə başçılıq edir. 20 oyundan 51 xal toplamış “İnter” isə potensial lider statusundadır.


