Massimiliano Alleqri: “Yuventus” favorit deyil”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “qoca sinyora”nı A Seriyasının favoritləri sırasına daxil etməməyi xahiş edib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis bu xüsusda İtaliya çempionatında “Empoli” üzərində qələbədən sonra açıqlama verib:

“Çətin rəqib olan “Empoli”yə qarşı yaxşı oyun göstərdik. Biz ona demək olar ki, heç nə yaratmağa imkan vermirdik, amma biz özümüz də meydanın son üçdə birində daha sakit davranmalıyıq və son ötürmə zamanı çox əsəbi oluruq. Bu, zamanla təkmilləşdirəcəyimiz bir məqamdır.

Heç kim UEFA Çempionlar Liqasını buraxmağı sevmir. Cədvəldə üçüncü yeri tutduq. “Yuventus”un ötən mövsüm əldən verdiyini söyləmək asandır, amma xallar çıxılmasaydı, biz üçüncü olardıq.
Liqada “skudetto” uğrunda mübarizəyə daha yaxşı hazır olan komandalar var: “İnter”, “Milan”, “Napoli”. Onlardan geri qalmamağa və ilk dördlüyə düşməyə çalışmalıyıq.

Nə isə baş verə bilər və biz “skudetto” uğrunda mübarizəyə girəcəyik, amma favoritlər sırasında olduğumuzu deyə bilmərik.
Məşqçinin zəkası onun ixtiyarında hansı oyunçuların olmasını anlamaqdan irəli gəlir. Tanka qarşı tapança ilə çıxa bilməzsən, başqa bir strategiya gərəkdir. Bu mövsüm çox təcrübəli futbolçularımız yoxdur, amma onların ayaqları var. Aryedo Braydanın dediyi kimi, futbolda qaçmaq mütləq deyil, amma bu, kömək edir.

Hər şeyin bu qədər sadə olduğunu demək istəmirəm, çünki bilirəm ki, bu, hamının xoşuna gəlmir, amma deyim ki, kağız üzərində ən sadə görünən şeylər adətən digərlərindən daha mürəkkəbdir”, deyə Massimiliano Alleqri düşündürücü mövqedə sözünü tamamlayıb.

Xatıraladaq ki, İtaliya A Seriyasının 3-cü turu çərçivəsində səfərdə “Empoli”nin qonağı olmuş “Yuventus” 2:0 hesabı ilə qalib gəlib. 3 turdan sonra “Yuventus” 7 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Eyni miqdarda xal toplamış “Leççe” isə 4-cü pillədədir. “Qoca sinyora” 2 qələbə, 1 heç-heçə yaşayıb, topların fərqi isə 6:1-dir. A Seriyasında 9 xalla “İnter” liderlik edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: