Massimiliano Alleqri “Yuventus”dan qovuldu

İtaliyanın “Yuventus” klubunda əsas komandanın baş məşqçisi, italyan mütəxəssis Massimiliano Alleqri istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Açıqlamada bildirilir ki, istefaya təcrübəli mütəxəssisin İtaliya Kubokunda “Atalanta” ilə final oyunu zamanı və sonrasındakı davranışı səbəb olub.

Xatırladaq ki, oyunun 90+3-cü dəqiqəsində Alleqri görüşün baş hakimi Fabio Mareskanın, “Yuventus”un braziliyalı mərkəz müdafiəçisi Bremerə qarşı edilmiş qayda pozuntusunu dərhal qeydə almamasından son dərəcə narazı qalıb. Bundan sonra italyan mütəxəssis cin atına minib: gödəkçəsini cırıb, yaxasını açıb, ehtiyat hakimin yanına qaçaraq onun üzünə qışqırmağa, səsini başına ataraq səs-küy qoparmağa başlayıb. Hakim bu şüvənliyinə görə Alleqriyə birbaşa qırmızı vərəqə göstərib.

Alleqri tribunalaraltı məkana yollandıqdan sonra da dilini dinc saxlamayıb. O, burada “Tuttosport” qəzetinin direktoru, jurnalist Qvido Vaçaqoya təpinərək, mətbuat işçisini söyüb-batırıb, təhdid edərək, onun qulaqlarını qoparmaqla hədələyib. İtalyan mütəxəssis nəşri dələduzluqda ittiham edərək, baş vermiş hadisəni olduğu kimi – həqiqi işıqlandırmağı tələb edib.

Xatırladaq ki, Massimiliano Alleqri “Yuventus”u 2021-ci ilin may ayından çalışdırırdı. İtalyan mütəxəssisin “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Alleqri buna qədər 2014-2019-cu illərdə də “byankoneri”ni çalışdırıb. Ümumilikdə Alleqri “Yuventus”a 5 dəfə İtaliya A Seriyasını, 5 dəfə İtaliya Kubokunu, 2 dəfə İtaliya Super Kubokubu qazandırıb. O, həmçinin Turin təmsilçisi ilə 2 dəfə Çempionlar Liqasının finalçısı olub.

Xatırladaq ki, Turin təmsilçisi “Atalanta”ya 1:0 hesabı ilə qalib gələrək İtaliya Kubokuna yiyələnib.