Mateo Reteqi “Cenoa”nı “Atalanta”ya dəyişdi – 22 milyonluq keçid

Futbol üzrə İtaliya yığmasının və “Ceona”nın mərkəz hücumçusu Mateo Reteqi bundan sonra “Atalanta”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Berqamo klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

25 yaşlı hücumçu tibbi müayinədən uğurla keçib. Onunla 5 illik müqavilə imzalanıb. Reteqi artıq yeni komandası ilə məşqlərə də başlayıb. “Atalanta” bu transfer üçün “Cenoa”ya 22 milyon avro ödəyib.

Mateo Reteqi “River Pleyt” və “Boka Xuniors” kimi klubların yetirməsidir. O, icarə əsasında “Estudiantes” və “Talyeres”də də forma geyinib. Hücumçu 2022-ci ilin fevralında “Boka Xuniors”dan icarə əsasında “Tiqre” klubuna keçib. “Tiqre” “Boka Xuniors”a 8.05 milyon avro ödəməklə onun transfer hüquqlarını aldıqdan sonra 15,25 milyona “Cenoa”ya satmışdı. Reteqi “Cenoa”da 31 oyna 9 qol vurub, 3 assistlə yadda qalıb.

Mateo 2023-cü ildən dəvət aldığı İtaliya yığmasında 12 oyuna 4 qol vurub.

“Atalanta” üç futbolçusu ilə də yollarını ayırıb. Berqamo təmsilçisi sağ cinah müdafiəçisi Hans Hateburu Fransanın “Renn” klubuna satıb. Klub bu satışdan 3 milyon avro qazanıb. 30 yaşlı niderlandlı futbolçu Liqa 1 təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Hans Hatebur Niderlandın “Qroningen” klubunun yetirməsidir. O, 2017-ci ildən formasını geyindiyi “Atalanta”nın heyətində 245 oyuna çıxıb, 12 qol və 21 məhsuldar ötürmə müəllifi olub. Hatebur 2018-ci ildə debüt etdiyi Niderland yığmasında da 13 oyun keçirib.

“Atalanta” iki futbolçusunu – Covanni Bonfanti ilə Andrea Çerezolini də icarəyə verib. Bonfanti “Piza”ya, Çerezoli “Katanzaro”ya keçib. 21 yaşlı oyunçular qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar. Covanni mərkəz müdafiəçisi, Andrea isə sol cinah müdafiəçisidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: