İngiltərə millisinin və “Real”ın sabiq hücumçusu Maykl Ouen keçmiş komanda yoldaşı Devid Bekhemlə münasibəti haqda xatirələrini paylaşıb.
Arena.az Maykl Ouenin tərcümeyi-halından həmin məqamı diqqətinizə çatdırır:
“Biz Devid və Viktoriya Bekhemlə yaxın yaşayırdıq və eyni şəhərdə xaricdə yaşayan iki ingilis ailəsi idik, amma əslində heç yaxın ünsiyyətimiz yox idi. Nəzərə alsaq ki, həm Luiza, həm də Viktoriya kifayət qədər tənha idilər və hər ikisi kiçik uşaqlara baxırdılar, biz məşq edərkən vaxtaşırı bir-birini görürdülər. Ancaq dostluğumuz bununla da məhdudlaşırdı. Amma bunda gözlənilməz heç nə yox idi, biz birlikdə “Real”da olanda Devidlə mənim aramda həmişəkindən daha az ümumi cəhətlər vardı.
Mən dəbli paltarlar geyinməyi və ya sosial qruplarla əylənməyi qətiyyən xoşlamırdım. David və Viktoriya isə əsl super ulduz idilər. Onlar sosial nöqteyi-nəzərdən tamamilə fərqli bir stratosferdə mövcud idilər. Devidin dostları dəstəsinə aid olduğum təəssüratını heç vaxt almamışam”.
Xatırladaq ki, Maykl Ouen 2004-cü ilin avqustundan 2005-ci ilin yayına kimi “Real”da forma geyinib. İngilis hücumçu bu komandada keçirdiyi bir mövsüm ərzində 45 oyuna çıxıb, 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ouen 1998-2008-ci illər aralığında çıxış etdiyi İngiltərə yığmasında 89 oyuna 40 qol vurub.
Devid Bekhem isə 2003-2007-ci illər aralığında “Real”ın uğurları üçün çalışıb. O, Madrid təmsilçisində 159 oyuna 20 qol və 59 assist müəllifi olub. Keçmiş yarımmüdafiəçi 1996-2009-cu illər aralığında formasını geyindiyi İngiltərə millisində 115 oyuna 17 qol vurub.



