Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edib.
Arena.az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial şəbəkəsində paylaşım edib:
“Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram”, – paylaşımda bildirilib.
Xatırladaq ki, Azərbaycan cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub. 73 kq-da mübarizə aparan millimizin lideri ikinci mərhələdən mübarizəyə başlayıb. Akil Qyakovaya (Kosovo) qalib gələn dördqat Avropa çempionumuz 1/8 finalda Salvador Roça (İspaniya) ilə münasibətinə aydınlıq gətirib. O, növbəti qələbəsini qazanaraq 1/4 finala yüksəlib. Ardınca Daniel Karqninə (Braziliya) qalib gələn cüdoçumuz yarımfinala adlayıb. Finalın bir addımlığında İqor Vandtkeni (Almaniya) məğlub edən Hidayət həlledici görüşə vəsiqə qazanıb. Titul uğrunda qarşılaşmada onun rəqibi Tatsuki İşihara (Yaponiya) olub. Vazzari xalı ilə geridə olan Hidayət sona 10 saniyə qalmış ippon fəndi işlədərək, dünya çempionu tituluna yiyələnib.
Hidayət Heydərov 11 ildən sonra Azərbaycana qızıl medal qazandırıb. Müstəqillik qazandıqdan cüdoçularımız ilk dünya qızılına 2013-cü ildə sahib çıxıb. Mundialın ən yüksək əyarlı medalını Braziliyada keçirilmiş yarışda Elxan Məmmədov əldə edib.
Heydərov 25 gün əvvəl Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında da 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsində yer almışdı. O, bundan əvvəl Varşava (2017), Sofiya (2022) və Monpelye (2023) şəhərlərində təşkil olunan qitə çempionatlarında qızıl qazanıb.
İndi Hidayəti Paris-2024 Yay Olimpiya Oyunları gözləyir. Yığmamızın lideri Fransa paytaxtında ən yüksək əyarlı medalı qazanmağa real namizəddir. O, qələbə sayəsində tarixi uğura imza ataraq, ilin hər üç mötəbər yarışını qızılla başa vura bilər.


