Mehriban Əliyeva Zelim Kotsoyevi təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi dünya çempionu olması münasibətilə təbrik edib.

Arena.az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezidentin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib:

“İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”, – paylaşımda bildirilib.

Xatırladaq ki, mundialın 5-ci günündə – mayın 23-də mübarizəyə qoşulmuş və 100 kq-da yarışan Zelim Kotsoyev bütün rəqiblərini məğlub etməklə tarixi uğura imza atıb. O, dünya çempionatındakı uğuru sayəsində Paris-2024 Yay Olimpiya Oyunlarına da -100 kq çəki dərəcəsində reytinq cədvəlinin lideri olaraq yollanmaq hüququ qazanıb.

Zelim Kotsoyev başqa bir tarixi uğura da imza atıb. O, ardıcıl 3-cü dünya çempionatında medal qazanıb. Bundan əvvəl Zelim 2022-ci ildə Daşkənd, 2023-cü ildə isə Dohada keçirilmiş mundiallarda medal qazanmışdı. Lakin həmin vaxt onun qazandığı medalların əyarı bürünc olmuşdu. Zelim 2023-cü ildə də Avropa çempionu olmuşdu.

Kotsoyevin dünya çempionatındakı zəfəri sayəsində Azərbaycan milli komandası da tarixi uğura imza ataraq, ilk dəfə mundialı 2 qızıl medalla bitirib. Daha öncə Hidayət Heydərov da 73 kq çəkidə bütün rəqiblərini üstələmişdi. Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovu da qazandığı dünya çempionluğu münasibətilə sosial şəbəkə hesabları üzərindən təbrik etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: