Messi “Qızıl top”a 17-ci dəfə namizəd oldu!

Lionel Messi 2025/2026 mövsümünün ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına 17-ci dəfə namizəd göstərilib.

Arena.az xəbər verir ki, “France Football” jurnalı 39 yaşlı argentinalı hücumçunu 30 namizədin yer aldığı siyahıya daxil edib.

Messi bu göstəriciyə görə yalnız 18 dəfə namizəd olan Kristiano Ronaldodan geri qalır.

Ötən mövsüm Messi Şimali Amerikanın MLS çempionu olub və ardıcıl ikinci dəfə turnirin ən yaxşı futbolçusu seçilib. O, 49 matçda 43 qol vurub və 26 məhsuldar ötürmə verib.

Argentina millisinin heyətində isə Messi dünya çempionatının finalına qədər irəliləyib. Komanda həlledici oyunda İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Messi mundialı 8 qol və 4 məhsuldar ötürmə ilə başa vurub. Turnirdən sonra o, Argentina millisində çıxışını başa çatdırıb.

Lionlel Messi “Qızıl top”u 8 dəfə qazanaraq bu mükafat üzrə rekordçudur.

Argentinalı futbolçu 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Avropada isə PSJ və “Barselona”nın formasını geyinib. “Barselona” ilə 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və 3 dəfə Klublararası Dünya Kubokunu qazanıb.

Messi 2022-ci ildə dünya çempionu olub, 2014 və 2026-cı illərdə mundialın gümüş medalını qazanıb. O, 2008-ci il Olimpiya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.

Lionel Messi Argentina millisində 207 oyun keçirib və 125 qol vurub. O, hər iki göstərici üzrə milli komandanın rekordçusudur. Argentinalı hücumçu karyerası ərzində 6 dünya çempionatında iştirak edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: