Mihaylo Ristiç “Selta”da, Qonsalo Pasiensiya “Bohum”da

Futbol üzrə Serbiya yığmasının və Portuqaliyanın “Benfika” klubunun sol cinah müdafiəçisi Mihaylo Ristiç “Selta”ya keçib.

Arena.az xəbər verir ki, La Liqa təmsilçisi 27 yaşlı futbolçunu 1,5 milyon avro qarşılığında heyətinə qatıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Mihaylo Ristiç cəmi bir mövsüm formasını geyindiyi “Benfika”dan öncə “Monpelye”, “Srvena Zvezda”, “Sparta” (Praqa), “Krasnodar” kimi klubların da uğurları üçün çalışıb. O, Serbiya yığmasında da 9 matç keçirib.

“Selta” İngiltərənin “Kristal Pelas” klubunun qapıçısı Visente Quaytanı da heyətinə qatıb. 36 yaşlı ispan qolkiperlə azad agent kimi 2 illik müqavilə imzalanıb. “Valensiya”nın yetirməsi olan Quayta “Rekreativo” və “Xetafe”də də oynayıb. O, 2018-ci ildən “Kristal Pelas”ın uğurları üçün çalışırdı.

“Selta” üç futbolçusu ilə də yollarını ayırıb. 22 yaşlı sağ cinah müdafiəçisi Serxio Karreya “Elçe”yə, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Migel Baeza isə “Mirandes”ə icarəyə verilib. İspan futbolçuların mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb. “Real”ın yetirməsi olan Baeza əvvəlki mövsümlərdə “Ponferradina” və “Rio Ave”də də icarədə olub. “Selta”nın öz yetirməsi olan Karreya da “Mirandes”də də “Vilyarreal”ın B komandasında icarədə oynayıb.

“Bohum”da 3 yeni futbolçu, 2 ayrılıq

“Selta”nın portuqaliyalı hücumçusu Qonsalo Pasiensiya da icarə əsasında “Bohum”a keçib. 29 yaşlı forvard mövsümün sonunadək Bundesliqa klubunda çıxış edəcək. O, “Selta”ya ötən ilin yayında qoşulmuşdu. Pasiensiya karyerası ərzində yetirməsi olduğu “Portu”nun, həmçinin “Akademika”, “Olimpiakos”, “Rio Ave”, “Vitoriya” (Setubal), “Ayntraxt” və “Şalke”nin də formasını geyinib. O, Portuqaliya yığmasında da 2 oyun keçirib, 1 qol vurub.

“Bohum” “Frayburq”un mərkəz müdafiəçisi Keven Şlotterbeklə “Vites”in sol cinah müdafiəçisi Maksimilan Vitteki də heyətinə qatıb. Şlotterbek mövsümün sonuna kimi icarəyə götürülüb. 26 yaşlı alman futbolçu ötən mövsümü də “Bohum”da icarədə keçirib. O, “Union Berlin”də də forma geyinib.

Maksimilian Vittek isə 750 min avroya transfer olunub. 28 yaşlı alman futbolçu ilə 3 illik müqavilə imzalanıb. Müdafiəçi karyerası ərzində “1860 Münhen”, “Qroyter” kimi klubların da formasını geyinib.

“Bohum”da iki ayrılıq da qeydə alınıb. Polşalı 30 yaşlı dayaq yarımmüdafiəçisi Yatsek Qoralski azad agent kimi “Vençista Krakov” klubuna keçib. 32 yaşlı alman hücumçu Simon Zoller isə “Sankt Pauli”yə üz tutub. Qoralski “Bohum”da cəmi 4 matç keçiribsə, Zoller 109 oyuna 33 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: