“Milan” Florensinin transfer hüquqlarını da aldı

İtaliyanın “Milan” klubu ötən mövsümün əvvəlində “Roma”dan icarəyə götürdüyü Alessandro Florensinin transfer hüquqlarını da alıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.

31 yaşlı futbolçu milanlılarla 3 illik rəsmi müqavilə bağlayıb. Onun icarə müqaviləsinin müddəti bu yaya qədər idi. Bu transfer üçün “Roma”ya nə qədər təzminat ödənildiyi açıqlanmır.

Xatırladaq ki, Alessandro Florensi “Roma”nın yetirməsidir. O, paytaxt təmsilçisinin heyətində 280 matça çıxıb, 28 qol vurub. “Canavarlar” sağ cinah müdafiəçisini əvvəllər “Krotone”, “Valensiya” və PSJ klublarına da icarəyə vermişdi. Florensi İtaliya yığmasında meydana çıxdığı 49 oyunda 2 qolla yadda qalıb. Təcrübəli futbolçu geridə qalan mövsümdə milanlıların heyətində 30 oyuna çıxıb, 2 qola imza atıb. O, yeni mövsümdə 25 nömrəli formanı geyinəcək.

“Milan” qapıçısı Antonio Mirante ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Yeni sözləşməyə əsasən, təcrübəli qolkiper 2023-cü ilin yayına qədər bu komandada qalacaq. 38 yaşlı qapıçı 2021-ci ilin oktyabrından bu klubda çıxış edir. Lakin təcrübəli qolkiper geridə qalan mövsümdə heç bir rəsmi qarşılaşmaya çıxmayıb. Ehtiyat qapıçı olan italiyalı futbolçu əvvəllər “Yuventus”, “Krotone”, “Siena”, “Sampdoriya”, “Parma”, “Bolonya” və “Roma”da da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: