“Millinin baş məşqçi postu təbii ki, yerli baş məşqçiyə tapşırılmalıdır”.
Bunu Arena.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Nadirov deyib.
Nadirov AFFA İcraiyyə Komitəsinin dünən keçirilən fövqəladə iclasından sonra millimizlə vidalaşan Canni De Byazinin işinin öhdəsindən lazımi şəkildə gələ bilmədiyini vurğulayıb:
“Görünən budur ki, əcnəbi baş məşqçi modeli ilə hədəfə çata bilmirik. Mən özüm də yığmada həm əcnəbi, həm də yerli mütəxəssislərin rəhbərliyi altında oynamışam. Məncə, yerli baş məşqçi yığmaya daha çox fayda verər. Bu şərtlə ki, ona çox yaxşı şərait yaradılsın, gəlmə baş məşqçi ilə yerliyə bu mənada böyük fərq qoyulmasın. Üstəlik, 3-4 il vaxt verilsin.
De Byazi indiki heyətlə daha artığını edə bilərdi. Məsələn, seçmə mərhələdə evdə Estoniyanı məğlub etməliydik. İsveç və Belçikaya səfərdə 0:5 uduzmaq istənilən halda, yolverilməzdir. Düzdür, az sayda uğurlu matçlarımız da olub. Amma ümumi götürsək, De Byazi işinin öhdəsindən gələ bilməyib”.


