Millimiz Avropa çempionatında tarixi uğura imza atdı

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Arena.az xəbər verir ki, Azərbaycan millisi növbəti dəfə Avropa çempionatında rekorda imza atıb.

Belə ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edən yığmamız medalların əyarına görə, Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb. Komandamız ilk dəfə bir qitə birinciliyində 3 qızıl medal qazanıb.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) Avropa çempionu olub. Rəşad Məmmədovla (55 kq) Ülvi Qənizadə (72 kq) ikinci yerlə kifayətlənib. Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan yığması medalların əyarına görə 1-ci yeri tutub. Xallarla hesablama sisteminə görə isə millimiz 142 xalla ardıcıl 2-ci dəfə yekun sıralamada ikinci pillədə qərarlaşıb. Millimiz çempion olan Türkiyədən cəmi 5 xal geri qalıb.

Yunan-Roma güləşi üzrə millimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmaqla, medalların əyarına görə cari Avropa çempionatının ən yaxşı komandası oldu. Xal sisteminə görə yalnız Türkiyədən geri qalan Azərbaycan güləşin bu növündə 5-ci dəfə (2011, 2018, 2020, 2023, 2024) komanda hesabında qitə birincilliyində 2-ci yeri tutdu.

Yığmamız ümumilikdə Avropa çempionatlarında 10-cu dəfə ilk “3-lük”də yer aldı. Buna qədər 4 dəfə (2012, 2014, 2016, 2019) fəxri kürsünün 3-cü pilləsinə yüksələn komandamız 2022-ci ildə Avropa çempionu olub.

Yeri gəlmişkən qeyd edək ki, yunan-Roma güləşində 2 qat Avropa çempionları sırasına Həsrət Cəfərov da qoşulub.

Buna qədər Azərbaycan güləşçilərindən Rövşən Bayramov, Elçin Əliyev və Eldəniz Əzizli də 2 dəfə qitə birinciliyinin qalibi olmuşdu.

İndi Həsrət yalnız 3 qat Avropa çempionu olmuş Rafiq Hüseynovdan geri qalır.

Xatırladaq ki, Rafiq Hüseynov bu Avropa çempionatında medal qazana bilməyib.