Murad Xaçayev üçün yubiley oyunu

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Murad Xaçayev “Sumqayıt”ın heyətində yubiley oyununu keçirib.

Arena.az xəbər verir ki, 4-cü turda “Araz-Naxçıvan”la (1:1) keçirilən görüş 25 yaşlı yarımmüdafiəçinin “gənclik şəhəri” təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 100-cü matç olub.

Bunun 87-si Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 2-si isə avrokuboklara təsadüf edib. Xaçayev həmin qarşılaşmalarda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

Murad Xaçayev 2018-ci ilin iyul ayından “Sumqayıt”ın uğurları üçün çalışır. O, bu müddət ərzində 100 qarşılaşmada meydana çıxıb. Yarımmüdafiəçi 6 dəfə rəqib qapılarına yol tapıbsa, 7 məhsuldar ötürmə müəllifi də olub. Donetsk “Şaxtyor”unun yetirməsi olan futbolçu Azərbaycanın U-19 yığmasında çıxış edib, əsas millimizdə 1 oyun keçirib.

“Araz Naxçıvan”la qarşılaşması “Sumqayıt” üçün də əlamətdar olub. 1:1 hesabı ilə başa çatan görüşdə Rövlan Muradovun rəqib qapısından keçirdiyi top bu komandanın ölkə çempionatlarında 350-ci qolu kimi qeydə alınıb.

“Sumqayıt”ın ilk qoluna 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında Eşqin Quliyev imza atıb.

Xatırladaq ki, Premyer Liqanın 3-cü turunda “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov da komandanın heyətində 100-cü oyununu keçirmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: