Şimali Makedoniyanın “Tikves” klubunun fransalı hücumameyilli yarımmüdafiəçisi Mussa Quel bundan sonra “Şəfa”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
Əslən Kot-d’İvuardan olan Mussa Quel Fransanın “Loryan” klubunun yetirməsidir. O, bu ölkədə “Keviyi Ruan”, “Valensyen”, “Red Star”, “Dünkerk”, “Paris Atletiko”, “Burk-an-Bres” kimi klublarda da forma geyinib. Bir müddət Türkiyədə “Samsunspor”un uğurları üçün də çalışmış yarımmüdafiəçi bu ilin fevralından “Tikves”də oynayırdı. O, Şimali Makedoniya klubunun heyətində 15 oyuna çıxıb, 1 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Şəfa” daha öncə Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu və Dilan Mertensi də heyətinə qatmışdı. Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə imzalanıb. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyev isə komandanı tərk ediblər.


