“Neftçi” Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını yekunlaşdırıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün “Neftçi” Futbol Mərkəzində Azərbaycan derbisindən əvvəl son məşqini reallaşdırıb.
Zədəli olan kapitan Emin Mahmudov bu məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışmaqla kifayətlənib. Hər iki futbolçu “Qarabağ”la oyunu buraxacaq. Ayağında ağrıları olan Dembo Darbonun oynaması isə sual altındadır.
Yeri gəlmişkən, “Neftçi” Azərbaycan derbisi üçün satışa çıxardığı biletlərin nə qədərinin alındığını da açıqlayıb. Klubun yaydığı məlumata görə, artıq 5000 ədəd bilet satılıb. Qalan 3000 ədəd biletdən 1000 ədədini (“Cənub-üst” sektoru – 10 AZN, “Cənub-alt” sektoru – 15 AZN, VIP – 35 AZN) hazırda iticket.az saytından onlayn şəkildə almaq mümkündür.
Oyunu tribunadan izləmək istəyən azarkeşlər həmçinin həmin gün saat 12:00-dan etibarən “Forza” və “Qərb-2” sektorlarına olan 2000 ədəd bileti (qiyməti 3 AZN) “Neftçi Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, dekabrın 1-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Qarabağ” matçına saat 19:00-da start veriləcək.


