“Neftçi” yeni hücumçu ilə gücləndi – VİDEO

“Neftçi” yeni hücumçu transfer edib. Arena.az xəbər verir ki, paytaxt klubu qanalı futbolçu Qodsvey Donyonu heyətinə qatıb.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı forvardla 2 il müddətinə müqavilə bağlanıb. O, yeni komandasının heyətində 11 nömrəli formanı geyinəcək.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə İngiltərənin “Mançester Siti” klubuna gətirilib. Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib. Ardından Danimarka “Nordsyelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyanın “Dinamo” (Drezden) klubuna icarəyə verilib. Donyo sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Superkubokunun (2021) qalibi olub.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi transfer etmişdi.