Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Neftçi” komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, sözügedən komanda klubun futbol mərkəzində “Araz-Naxçıvan” ilə qarşılaşıb.
Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib. 20-ci dəqiqədə Adeleke Akinyeminin ötürməsindən sonra Alen Şkribek fərqlənib. 89-cu dəqiqədə isə Andrey Ştoqrin Draqolyub Saviçin ötürməsini qola çevirib.
Qalib komanda 81-ci dəqiqədə daha bir qol vurmağa yaxın olub, amma Qustavo Klisman Bassala Sambunun qazandığı penaltidən yararlana bilməyib.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 7-ci turunda son çempion “Sabah”la qarşılaşacaq. Oktyabrın 9-da 8-ci km qəsəbə stadionunda baş tutacaq bu matça saat 19:30-da start veriləcək.


