“Neftçi”nin məşqçisi kubok matçındakı qələbədən danışdı

“Neftçi”nin məşqçisi Alen-Nikolae Çita Azərbaycan Kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Baş məşqçimizin düşdüyü vəziyyət çətindir. Anası dünyasını dəyişib. Buna görə çox üzülürük. Hər zamanın onun yanındayıq.

Çox yaxşı, ciddi rəqiblə qarşılaşdıq. Oyunda aqressivlik var idi, futbolçuların oyuna yanaşmaları yaxşı idi. Biz erkən qol vurduq. Bundan sonra meydanın rəqibə aid hissəsində üstünlüyü ələ aldıq. Hər bir oyunçumuz təbrikə layiqdir. İkinci yarıda çox yaxşı davrandılar.

Heyətdə 11 nəfərlik yer var. Məşqdə kim əzmkarlıq göstərirsə, o da əsas heyətdə yer alır. “Qarabağ”la oyundan sonra çətin durumdaydıq. Uduzmuşduq. Bu tip oyunlarda daha çox az oynayanlar meydana çıxır ki, özlərini göstərsinlər. Burada heç bir ayrıseçkilik olmur. Hansı oyunçu daha gərgin məşq edir, o da oynayır. Hər oyunçunun əsas heyətdə oynamaq şansı var. Hər futbolçu var gücü ilə çalışmalıdır ki, əsas heyətdə yer alsın”.

“Qaradağ-Lökbatan”ın baş məşqçisi Azər Həşimov isə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Birinci hissədə komandamız üçüncü zonada pressinq edirdi. Fikrimiz var idi ki, rəqibə oynamağa imkan verməyək. Bu hardasa ilk yarıda bəhrəsini verdi. Amma ikinci yarıda istədiklərimiz alınmadı. “Neftçi”nin əvəzetmələrindən sonra böyülkhesablı məğlubiyyət aldıq.

Əvvəl limit var idi, onda çempionatlarımız arasında uçurum daha çox hiss edilirdi. İndi sərbəstdir, yaş limiti yoxdur. Bu dəqiqə Premyer Liqa klublarının büdcələri ilə Birinci Liqa komandalarının büdcələri eyni deyil. 10 dəfə artıqdır. Burada keyfiyyətli oyunçular daha çoxdur. Birinci Liqada isə istedadlı oyunçular var. Onları üzə çıxarmağa, Azərbaycan futboluna xeyir verməyə çalışırıq. Təbii ki, biz də elitaya çıxmağa çalışırıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: