Nicat Abbasov: “Böyük təcrübə qazandım”

Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abbasov yarışın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, karyerasında ilk dəfə Dünya Kubokunda yarımfinala qədər irəliləyən şahmatçı yorğun olduğunu etiraf edib:

“Artıq 25 gündür ki, intensiv iş rejimindəyik. Heç vaxt belə rejimdə mübarizə aparmamışam. Son günlərdə güc tükənmişdi. Amma yarışa gələn şahmat həvəskarlarının dəstəyi yüksək motivasiyada mübarizə aparmağa kömək edirdi. Güc tükəndiyindən son oyunlarda istədiyim oyunu göstərə bilmədim. Bununla belə böyük təcrübə qazandım. İnanıram ki, bu təcrübə qarşıdakı yarışlarda layiqli nəticələr qazanmağa kömək edəcək”.

Azərbaycan şahmatçısı ona dəstək olan insanlara təşəkkür edib: “Daim dəstək olan azarkeşlərə, şahmat ictimaiyyətinə çox sağ ol deyirəm. İlk dəfə belə gözəl həyəcanı hiss etdim. Növbəti yarışlarda da hamını sevindirmək üçün mübarizə aparacam”.

Xatırladaq ki, Nicat Abbasov üçüncü yer uğrunda qarşılaşdığı ABŞ təmsilçisi Fabiano Karuanaya ilk görüşdə qalib gəlsə də, ikinci oyunda uduzmuşdu. Bu gün baş tutan tay-brekdə də uduzan azərbaycanlı qrosmeyster dördüncü yerlə kifayətlənməli olub.

Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dolları idi. Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunmuşdu. Yarışın qalibi Norveçdən olan beşqat dünya çempionu Maqnus Karlsen olub.

Onu da xatırladaq ki, mötəbər yarış Azərbaycanda ilk dəfə 2015-ci ildə keçirilib. Həmin vaxt turnirin qalibi Rusiya təmsilçisi Sergey Karyakin olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: