Azərbaycanın Bakıdakı şahmat üzrə Dünya Kubokunda yeganə təmsilçisi Nicat Abbasov bu gün 1/16 final mərhələsində ilk görüşünü keçirib.
Arena.az xəbər verir ki, Azərbaycanda təşkil olunmuş Dünya Kubokunda bu gün 1/16 final mərhələsinə start verilib.
Mötəbər yarışda mübarizəni davam etdirən yeganə şahmatçımız Nicat Abbasov bu mərhələdə FIDE adından çıxış edən Pyotr Svidlerə rəqib olub. Tərəflər debütdə vəzir qambiti seçiblər. Nicat növbəti gedişlərdə az rast gəlinən varianta üstünlük verib. Təmsilçimiz Pyotr Svidlerin oynadığı ağ fiqurların təşəbbüsü ələ almaq cəhdlərini asanlıqla neytrallaşdırıb. Yekunda partiya 37-ci gedişdə şahmatçıların heç-heçəyə razılaşması ilə başa çatıb.
Qeyd edək ki, Abbasovla Svidler arasındakı cavab görüşü sabah keçiriləcək. Sabah da tərəflər qalibi müəyyənləşdirə bilməsələr, avqustun 11-də tay-brekdə üz-üzə gələcəklər.
Xatırladaq ki, sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.
Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.


