Nicat Abbasov rəsmən İddiaçılar Turnirində!

Azərbaycan şahmatçısı Nicat Abbasov karyerasında ilk dəfə bu il Kanadada təşkil olunacaq İddiaçılar Turnirində iştirak edəcək.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası bu gün Nicat Abbasovun mötəbər yarışda iştirakını təsdiqləyib.

Reqlamentə əsasən Dünya Kubokunda ilk üç yeri tutan şahmatçı İddiaçılar Turnirində iştirakını təmin edir. Yarışın qalibi Maqnus Karlsen turnirdə iştirak etməyəcəyi ilə bağlı FIDE-yə rəsmi məktub göndərib. Ali şahmat qurumu İddiaçılar Turnirinə vəsiqəni Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutmuş Nicat Abbasova verib.

Xatırladaq ki, bu ilin aprelində Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək. Turnirin qalibi hazırkı dünya çempionu çinli Din Lirenlə qarşılaşaraq şahmat tacı uğrunda mübarizə aparacaq.

Nicat Abbasov ötən ilin avqust ayında Bakıda keçirilmiş Dünya Kubokunun yarımfinalında məhz bu turnirin qalibi olmuş Maqnus Karlsenə uduzmuşdu. Azərbaycanlı qrosmeyster üçüncü yer uğrunda oyunda Fabiano Karuanaya da uduzduğu üçün dördüncü yerlə kifayətlənmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: