Nicat Abbasov Torontoda 2-ci məğlubiyyətini aldı

Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 5-ci turda distan təmsilçisi Dommaracu Qukeşlə ilə üz-üzə gəlib.

Qara fiqurlarla oynayan Abbasov rəqibinə məğlub olub.

5-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Rameşbabu Praqnanandha (Hindistan) – Yan Nepomnyaşi (FIDE) 0,5:0,5
Əlirza Firuzca (Fransa) – Hikaru Nakamura (ABŞ) 0:1
Vidit Qucrati (Hindistan) – Fabiano Karuana (ABŞ) 0,5:0,5

Beş turdan sonra rusiyalı Yan Nepomnyaşi (FIDE) və Dommaraju Qukeş 3,5 xalla şərikli liderlik edirlər. Fabiano Karuana 3 xalla 3-cüdür. Hikaru Nakamura və Rameşbabu Praqnanandhanın 2,5 xalı var. Vidit Qucrati 6-cı pillədə qərarlaşıb. Son iki pilləni bölüşən Nicat Abbasovla Əlirza Firuzca hələlik 1,5 xal toplayıblar.

Xatırladaq ki, Nicat Abbasov daha öncə Fabiano Karuanaya da uduzmuşdu. Şahmatçımız Yan Nepomnyaşi, Hikaru Nakamura və Əlirza Firuzca ilə də heç-heçəyə razılaşmışdı.

Nicat növbəti turda Hindistanın digər təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşacaq. O, bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: