Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Perunun paytaxtı Limada təşkil edilmiş dünya çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, ötən gün yeniyetmə cüdoçular arasında dünya çempionatına start verilib.
İlk gündə 50 kq və 55 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Azərbaycan millisinin də 3 üzvü tatamiyə çıxıb.
50 kq-da yarışan Məhəmmədəli Hüsiyev ilk görüşündə italiyalı Tomas Qidoni (İtaliya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti görüşünü Aksel Kuqa (Fransa) qarşı keçirib. Qələbə qazanan Məhəmmədəli yarımfinala yüksəlib. Bu mərhələdə Aleksey Toptıginə (AİN) uduzan Hüsiyev bürünc uğrunda Karlos Filyo (Braziliya) ilə yarışıb. Cüdoçumuz yekunda qələbə qazanaraq bürünc medal əldə edib və fəxri kürsüdə yer alıb.
Bu çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz, ilk mərhələdən azad olan Bahadır Feyzullayev Aleksey Toptıginlə (AİN) qarşılaşıb. Görüş rəqib cüdoçunun qələbəsi ilə yekunlaşıb.
55 kq-da yarışan Nihad Məmişov mübarizəyə 1/16 finalda qoşulub. Onun ilk rəqibi Amir Temirbayev (Kanada) olub. Çempionata qələbə ilə başlayan Nihad 1/8 finalda Yan Kolondra (Polşa), 1/4 finalda isə Botond Kunyikə (Macarıstan) də qalib gəlib. O, finala gedən yolda Ukraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərova qalib gəlib. Cüdoçumuz həlledici döyüşdə Bat-Enerel Batbileglə (Monqolustan) qarşılaşıb. Rəqibini məğlub edən Azərbaycan cüdoçusu qızıl medala sahıb çıxıb. Məmişov bununla da ikinci dəfə dünya çempionu tituluna yiyələnib. O, 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atmışdı.
Qeyd edək ki, Perudakı dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.


