İtaliyanın “Fiorentina” klubunun serbiyalı mərkəz müdafiəçisi Nikola Milenkoviç bundan snra “Nottingem Forest”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu transfer üçün “Fiorentina”ya 14,3 milyon avro ödəyib. 26 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
“Partizan”ın yetirməsi olan Nikola Milenkoviç ölkəsində “Teleoptik”in də formasını geyinib. O, 2017-ci ildə məhz “Partizan”dan 5,5 milyon avro qarşılığında keçdiyi “Fiorentina”da bütövlükdə 264 oyun keçirib, 17 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Milenkoviç 2016-cı ilin sentyabr ayında debüt etdiyi Serbiya milli komandasının heyətində 57 oyuna çıxıb. O, bu oyunlarda 3 qol və 1 assistlə yadda qalıb.
“Nottingem Forest” Braziliyanın “Korintians” klubunun qapıçısı Karlos Migeli də transfer edib. 4 milyon avro qarşılığında alınmış 25 yaşlı braziliyalı qolkiperlə 4 illik müqavilə imzalanıb.
Karlos Migel “Flamenqo” və “İnternasional” klublarının yetirməsidir. O, “Santa Krus” və “Boa Esporte” klublarında da forma geyinib. 2011-ci ildən “Korintians”da çıxış edən qapıçı bu komandanın heyətində 25 oyunaç çıxıb, 14 qol buraxıb, 14 matçdan “quru” çıxıb.
“Nottingem Forest”in mərkəz müdafiəçisi Conatan Panzo isə icarə əsasında Portuqaliyanın “Rio Ave” klubuna keçib. O, 2025-ci ilin 30 iyununa qədər bu komandada çıxış edəcək. Maraqlıdır ki, Panzonun İngiltərə klubu ilə müqaviləsinin də müddəti gələn yay başa çatacaq.
Panzo “Çelsi” və “Monako”nun futbol akademiyalarından keçib. 23 yaşlı futbolçu “Serkl Brügge”, “Dijon”, “Koventri Siti”, “Kardiff Siti”, “Standard” (Lyej) kimi klublarda da çıxış edib. O, “Nottingem Forest”in əsas komandasında cəmi 1 matça çıxıb. Panzo İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.



