Nikolas Qonsales və Fransisko Konseysao “Yuventus”da

İtaliyanın “Yuventus” klubu heyətini daha iki yeni futbolçu – Nikolas Qonsales və Fransisko Konseysao ilə gücləndirib.

Arena.az xəbər verir ki, Turin klubu hər iki oyunçunu icarəyə götürüb.

Portuqaliya yığmasının da üzvü olan 21 yaşlı Konseysao “Portu”dan icarəyə götürülüb. İcarə müqaviləsi bir il müddətinə və satınalma hüququ olmadan imzalanıb. Müqavilənin dəyəri 7 milyon avro məbləğində nəzərdə tutulub. “Əjdahlar” daha 3 milyon avro məbləği əlavə üstəlik olaraq əldə edə bilərlər.

Fransisko futbola “Belenenseş”də başlayıb, daha sonra “Sportinq”, “Padroense”, “Portu” kimi klubların futbol akademiyalarından keçib. Peşəkar futbola da “Portu”da başlamış hücumçu, 2022-ci ildə 5 milyon avro qarşılığında “Ayaks”a keçib. Bu ilin yanvarında “Portu” Niderland nəhənginə 10,5 milyon avro ödəməklə sabiq oyunçusunu yenidən heyətinə qatıb. 21 yaşlı sağ vingerin Portuqaliya klubu ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi var.

Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Konseysao, bu il debüt etdiyi əsas millinin heyətində 6 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Nikolas Qonsales isə “Fiorentina”dan “Yuventus”a keçib. Turin klubu onu satınalma şərti ilə heyətinə qatıb. “Qoca sinyora” Nikonun 1 mövsümlük icarəsi üçün florensiyalılara 8,4 milyon avro ödəyəcək. Gələn yay “Yuventus” futbolçunun transfer hüquqlarını almağa qərar versə, “Fiorentina”ya daha 28,1 milyon avro ödəyəcək.

Niko Qonsales “Argentinos Xuniors” klubunun yetirməsidir. O, “Ştutqart”da da forma geyinib. “Fiorentina” argentinalı sağ vingeri 2021-ci ilin iyul ayında məhz Almaniya klubundan, 24,5 milyon avroya transfer etmişdi. Qonsales “Fiorentina”da 125 oyun keçirib, 38 qol vurub, 19 məhsuldar ötürmə verib.

Niko 2019-cu ilin otkayrb ayında debüt etdiyi Argentina millisində 39 oyuna çıxıb, 5 qola imza atıb.

Aleks Sandro “Flamenqo”da

Yeri gəlmişkən, bu yay “Yuventus”dan ayrılmış braziliyalı sol cinah müdafiəçisi Aleks Sandronun da yeni iş yeri müəyyənləşib. Braziliyalı futbolçu bundan sonra vətənində çıxış edəcək. O, “Flamenqo”ya keçib. Azad agent statusuna malik futbolçu yeni klubu ilə 2026-ci ilin 31 dekabrına kimi anlaşıb.

Aleks Sandro Braziliyanın “Atletiko Paranaense” klubunun yetirməsidir. Braziliyalı futbolçusu “Yuventus”a 2015-ci ilin avqustunda 28 milyon avro məbləğ müqabilində “Portu”dan keçmişdi. Ona qədər Aleks “Maldonado” (Uruqvay) və “Santos”da da çıxış edib.

Aleks Sandro 2011-ci ilin noyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 40 oyuna çıxıb, 2 qolla fərqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: