Nikolo Barella bir aylıq sıradan çıxdı

İtaliya yığmasının və “İnter”in mərkəz yarımmüdafiəçisi Nikolo Barella zədə səbəbindən bir müddət komandasına kömək edə bilməyəcək.

Arena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçinin sağ ayağından əzələ zədəsi ilə üzləşib.

O, buna görə bir ay yaşıl meydanlardan uzaq qalacaq. Oyunçu A Seriyasında “Udineze” və “Torino” ilə matçlarda komandasına kömək edə bilməyəcək. Barella UEFA Çempionlar Liqasında Serbiyanın “Srvena Zvezda” klubu ilə görüşdə də meydana çıxmayacaq.

Nikolo Barella “Kalyari”nin yetirməsidir. Bir müddər “Komo”da icarədə oynamış Barellanı “İnter” 2019-cu ildə “Kalyari”dən icarəyə götürüb, 2020-ci ilin sentyabrında isə “neradzurri” 32,5 milyon avro məbləğ müqabilində yarımmüdafiəçini tamhüquqlu əsasda heyətinə qatıb.

Barella cari mövsümdə “İnter”in heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Barellanın “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 240 oyun, 23 qol, 52 məhsuldar ötürmə.

Barella 2018-ci ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 57 oyuna 10 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Nikolo Barellanın qənimətlər muzeyində İtaliya A Seriyasının çempionluğu (2020/2021, 2023/2024), İtaliya Kuboku (2021/2022, 2022/2023), İtaliya Super Kuboku (2021/2022, 2022/2023, 2023/2024) var.

“Skuadra adzurra” ilə Barella AÇ-2020-nin qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.