Futbol üzrə Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq İngiltərənin “Çelsi” klubundan ayrılaraq Marsel “Olimpik”inə keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
London təmsilçisindən azad agent kimi ayrılan 34 yaşlı forvard Fransa klubu ilə 3 illik sözləşmə imzalayıb.
Pyer-Emerik Obameyanq “Çelsi”yə ötən ilin sentyabrında 12 milyon avro qarşılığında keçmişdi. O, “zadəganlar”ın heyətində cəmi 21 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Obameyanq karyerası ərzində “Borussiya” (Dortmund), “Arsenal”, “Sent Etyen”, “Dijon”, “Milan”, “Lill”, “Barselona”, “Monako” kimi klublarda da oynayıb. O, Qabon yığmasında 74 oyuna 30 qol vurub.
“Çelsi” hücumameyilli yarımmüdafiəçisi Omari Hatçinsonu da “İpsviç Taun”a icarəyə verib. 19 yaşlı vingerin qarşıdakı mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb. O, “Çelsi”nin əsas komandasında 2 oyun keçirib. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında forma geyinmiş futbolçu 2022-ci ildən Yamayka millisinə dəvət alır. O, artıq bu komandada 2 oyun keçirib.


