Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Okay Yokuşlu İspaniyanın “Selta” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Nəticədə oyunçu azad agentə çevrilib. Onun karyerasını hansı komandada davam etdirəcəyi isə bilinmir.
Okay Yokuşlu “Altay” klubunun yetirməsidir. Peşəkar karyerasına da doğma klubunda başlamış yarımmüdafiəçi, 2011-2015-ci illər aralığında “Kayserispor”da forma geyinib. 2015-2018-ci illər aralığında “Trabzonspor”un uğurları üçün çalışan futbolçu, 2018-ci ildə “Selta”ya transfer olunub. O, İspaniya təmsilçisindəki ilk mövsümlərində uğurlu çıxış etsə də, sonradan az şans qazanmağa başlayıb. Bu üzdən də 2021-ci ildə İngiltərənin “Vest Bromviç” klubuna icarəyə verilib. Bu ilin əvvəlində isə futbolçu La Liqanın digər təmsilçisi “Xetafe”yə icarəyə verilmişdi. Lakin bu komandada da özünü yaxşı tərəfdən göstərə bilməyən yarımmüdafiəçinin yenidən Türkiyəyə qayıtması istisna olunmur.
Okay Türkiyə millisində meydana çıxdığı 39 oyunda 1 qol vurub.


