Ondrey Duda Bundesliqanı A Seriyasına dəyişdi

Futbol üzrə Slovakiya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Ondrey Duda Almaniyanın “Köln” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu İtaliyanın “Verona” klubuna transfer olunub.

A Seriyası təmsilçisi Dudanı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. İtaliya klubu futbolçunun transfer hüquqlarını almaq istəsə, bunun üçün 4 milyon avro ödəməli olacaq.

Ondrey Duda 2020-ci ilin sentyabrında “Herta”dan 7 milyon avro qarşılığında “Köln”ə transfer olunmuşdu. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 88 oyunda 11 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Slovakiyanın “Koşitse” klubunun yetirməsi olan futbolçu, Polşada “Legiya”nın (Varşava), Almaniyada “Herta”nın və İngiltərədə “Norviç Siti”nin də formasını geyinib. O, Slovakiya yığmasında 61 oyuna çıxıb, 10 qola imza atıb.

“Köln” almaniyalı sol cinah müdafiəçisi Noa Katterbaxı da “Hamburq”a icarəyə göndərib. 21 yaşlı oyunçunun bu mövsümün sonuna – 30 iyuna kimi icarədə oynayacağı diqqətə çatdırlıb.

Noa Katterbax “Köln”ün öz yetirməsidir. O, 2022-ci ildə İsveçrənin “Bazel” klubunda da icarədə oynayıb. Gənc müdafiəçi “Köln”ün əsas komandasında 4 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb, “Bazel”də isə 33 oyuna 1 qol vurub, 2 qol ötürməsi verib.

Almaniyanın aşağı yaş qrupları üzrə əksər yığmalarında oynamış futbolçu hazırda U-21-də forma geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: