Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 21-ci turu çərçivəsində bu gün “İnter Turku” ilə üz-üzə gəlib.
Helsinki klubu doğma meydanda baş tutan bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Ozan bu görüşə start heyətdə başlayıb. O, 60-cı dəqiqədə – hesab 0:0 olarkən əvəzlənib.
Qeyd edək ki, bu, Ozanın Finlandiya çempionatındakı ikinci oyunu olub.
HJK 21 turdan sonra topladığı 40 xalla 2-ci pillədə qərarlaşıb. “İnter Turku” isə 28 xalla turnir cədvəlinin sonuncu – 7-ci pilləsində yer alır.
Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 5 oyun keçirib, fərqlənə bilməyib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


