Ozan Tufan “Hall Siti” ilə 3 illik müqavilə bağladı

Futbol üzrə Türkiyə yığmasının yarımmüdafiəçisi Ozan Tufan “Fənərbaxça”dan ayrılıb. Arena.az xəbər verir ki, 27 yaşlı vinger karyerasını yenidən İngiltərədə davam etdirəcək.

O, bu ölkənin “Hall Siti” klubu ilə anlaşıb. Bu barədə “Fənərbaxça” və “Hall Siti” klublarının mətbuat xidməti məlumat yayıb. İngiltərəyə yollanaraq tibbi müayinədən keçən futbolçu yeni klubu ilə 3 illik rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, “Hall Siti” Çempionşipdə mübarizə aparır. Bu klubun sahibi “TV8” kanalının rəhbəri, türkiyəli Acun Ilıcalıdır.

“Bursaspor”un yetirməsi olan Ozan Tufan 2015-ci ildən “Fənərbaxça”da çıxış edirdi. O, 2019-cu ildə “Alanyaspor”a, geridə qalan mövsümdə isə İngiltərənin “Uotford” klubuna icarəyə verilib.

Türkiyə yığmasında 65 oyuna çıxmış yarımmüdafiəçi, bu görüşlərdə 9 qola imza atıb.

Yeri gəlmişkən, “Fənərbaxça” heyətinə yeni futbolçu cəlb edib. İstanbul təmsilçisi “Fatih Karagümrük” klubundan Emre Moru transfer edib. Lakin hələ 25 yaşlı hücumameylli yarımmüdafiəçinin rəsmi təqdimatı olmayıb. “Fənər” sadəcə oyunçu və onun klubu ilə danışıqlara start verildiyini açıqlayıb. Baxmayaraq ki, futbolçu artıq yeni komandası ilə məşqlərə başlayıb.

Türkiyə millisinin də üzvü olan Emre Morla 3 illik müqavilə imzalanacağı gözlənilir. O, daha əvvəl Almaniyanın “Borussiya” (Dortmund), İspaniyanın “Selta”, Türkiyənin “Qalatasaray” və Yunanıstanın “Olimpiakos” klublarında da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: