Paris-2024: Elcan Hacıyev 1/8 finalda dayandı

Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) cüdo yarışları davam edir.

Arena.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçularından daha biri – Elcan Hacıyev də mübarizəyə qoşulub.

90 kq-da mübarizə aparan cüdoçumuz yarışa 1/16 finaldan start verib. Avropa çempionumuzun ilk rəqibi Mixael Zqanq (Türkiyə) olub. Elcan Hacıyev çətin qələbə sayəsində mərhələ adlayıb. Təəssüf ki, idmançımız növbəti mərhələdə Maksim Qael Ambuya (Fransa) məğlub olaraq, Olimpiada ilə vidalaşıb.

Xatırladaq ki, cüdo yığmamız Olimpiadada 9 idmançı ilə təmsil olunur. Daha əvvəl mübarizəyə qoşulmuş digər cüdoçularımızdan yalnız Hidayət Heydərov (73 kq) Olimpiya çempionu tituluna yiyələnib. Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Zelim Tçkayev (81 kq) isə starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşıblar.

Azərbaycan Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.