Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) cüdo yarışları davam edir.
Arena.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçularından daha biri – Gültac Məmmədəliyeva da mübarizəyə qoşulub.
52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Olimpiadaya 1/16 finaldan başlayıb. Anjelika Delqado (ABŞ) ilə güləşən cüdoçumuz startda uduzub. Beləcə, Azərbaycanın Yay Olimpiya Oyunlarının açılış mərasimindəki bayraqdarı olan Məmmədəliyeva da turnirlə erkən vidalaşmalı olub.
Xatırladaq ki, ötən gün mübarizəyə qoşulmuş digər cüdoçularımız – Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) da starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşmışdı. Bu gün isə Yaşar Nəcəfov (66 kq) oxşar aqibətlə üzləşmişdi.
Cüdo yığmamız Olimpiadada 9 idmançı ilə təmsil olunur.
Bütövlükdə isə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


