Paris-2024: Uşanqi Kokauri 1/4 finalda uduzdu, amma…

Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) cüdo üzrə fərdi yarışlar başa çatmaq üzrədir.

Arena.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçularından sonuncusu – Uşanqi Kokauri də mübarizəyə qoşulub.

Karyerasında üçüncü Olimpiadasına qatılmış Kokauri medallar uğrunda mübarizə aparır. +100 kq çəki dərəcəsində yarışan idmançımız Paris Olimpiadasına 1/16 finaldan start verib. O, ilk görüşündə Rafael Silvaya (Braziliya) ipponla qalib gəlib.

Kokauri 1/8 finalda Martti Puumalaynen (Finlandiya) ilə görüşüb. Uşanqi bu rəqibini də ipponla mübarizədən kənarlaşdırıb. 1/4 finala vəsiqə qazanan cüdoçumuz növbəti raundda Min Jonq Kim (Cənubi Koreya) ilə qarşılaşıb. Rəqib qalib gəldiyindən cüdoçumuz təsəlliverici görüşə qatılmaq məcburiyyətində qalıb. O, bu raundda kubalı Andi Qrandanın müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Olimpiadaya 9 cüdoçu ilə yollanan yığmamız yarışın ilk 6 günündə 2 medal qazanıb. Hidayət Heydərov 73 kq, Zelim Kotsoyev isə 100 kq çəkidə bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olublar. Digər cüdoçularımızdan Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Zelim Tçkayev (81 kq) starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşıblar. Elcan Hacıyev (90 kq) isə ikinci döyüşündə məğlub olduğu üçün mübarizəni dayandırıb.

Azərbaycan Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edir.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.