Paris-2024: Uşanqi Kokauri ipponla başladı

Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) cüdo üzrə fərdi yarışlar başa çatmaq üzrədir.

Arena.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçularından sonuncusu – Uşanqi Kokauri də mübarizəyə qoşulub.

Karyerasında üçüncü Olimpiadasına qatılmış Kokauri medallar uğrunda mübarizə aparır. +100 kq çəki dərəcəsində yarışan idmançımız Paris Olimpiadasına 1/16 finaldan start verib. O, ilk görüşündə Rafael Silvaya (Braziliya) ipponla qalib gəlib.

Kokauri 1/8 finalda Martti Puumalaynen (Finlandiya) ilə görüşəcək.

Qeyd edək ki, Olimpiadaya 9 cüdoçu ilə yollanan yığmamız yarışın ilk 6 günündə 2 medal qazanıb. Hidayət Heydərov 73 kq, Zelim Kotsoyev isə 100 kq çəkidə bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olublar. Digər cüdoçularımızdan Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Zelim Tçkayev (81 kq) starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşıblar. Elcan Hacıyev (90 kq) isə ikinci döyüşündə məğlub olduğu üçün mübarizəni dayandırıb.

Azərbaycan Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edir.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: