Paris-2024: Zelim Kotsoyev yarımfinalda!

Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) cüdo yarışları davam edir.

Arena.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçularından daha biri – Zelim Kotsoyev də mübarizəyə qoşulub.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışa 1/8 finaldan başlayıb. O, startda Pyotr Kuçeranı (Polşa) ipponla məğlub edərək mərhələ adlayıb.

Zelim Kotsoyev 1/4 finalda Peter Paltçiklə (İsrail) üz-üzə gəlib. Dünya çempionumuz bu görüşü də aktivinə yazıb və yarımfinala yüksəlib. Azərbaycan cüdoçusu finala gedən yolda Özbəkistandan olan Muzaffarbek Turoboyevlə üz-üzə gələcək.

Xatırladaq ki, cüdo yığmamız Olimpiadada 9 idmançı ilə təmsil olunur. Daha əvvəl mübarizəyə qoşulmuş digər cüdoçularımızdan yalnız Hidayət Heydərov (73 kq) Olimpiya çempionu tituluna yiyələnib. Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Zelim Tçkayev (81 kq) starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşıblar. Elcan Hacıyev (90 kq) isə ikinci döyüşündə məğlub olduğu üçün mübarizəni dayandırıb.

Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.