Futbol üzrə İspaniya La Liqasında uğursuz mövsüm keçirən “Valyadolid” baş məşqçisi Paulo Petsolano ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, elita təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Uruqvaydan olan 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Komandanı müvəqqəti olaraq Alvaro Rubionun çalışdıracağı diqqətə çatdırılıb. Tezliklə La Liqa klubuna yeni baş məşqçi təyin olunacaq.
Paulo Petsolano 2023-cü ilin aprel ayından “Valyadolid”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 71 oyuna çıxarıb. İspaniya klubu bu görüşlərdə 28 qələbəyə sevinib, 15 heç-heçə edib, 28 məğlubuyyətə üzülüb.
“Valyadolid” cari mövsümdə uğursuz nəticələri ilə diqqət mərkəzindədir. Komanda La Liqadakı son 5 oyununda cəmi 1 heç-heçə ilə kifayətlənib. Son olaraq doğma meydanda Madrid “Atletiko”suna 0:5 hesablı məğlubiyyət Paulo Petsolanonun istefasını qaçılmaz edib.
“Valyadolid” La Liqanın geridə qalmış 15 turunda cəmi 2 qələbə qazanıb. 3 heç-heçəsi olan klub 10 oyunda da məğlubiyyətə üzülüb. 9 xala malik komanda İspaniya çempionatının 20 iştirakçısı arasında sonuncu pillədə qərarlaşıb.
Peşəkar futbolçu karyerasını 2016-cı ildə Uruqvaynın “Torku” klubunda başa vuran Petsolano, məşqçiliyə də elə bu komandada başlayıb. O, daha sonra “Paçuka” və “Liverpul Montevideo” komandalarının da baş məşqçisi olub. “Valyadolid”dən əvvəl isə Petsolano Braziliyanın “Kruzeyro” komandasını çalışdırıb.
Sonda onu da qeyd edək ki, “Valyadolid”in əsas sahiblərindən biri Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo Nazariodur.


