Pepe futbolçu karyerasını bitirdi

Portuqaliya yığmasının mərkəz müdafiəçisi 41 yaşlı Pepe nəhayət ki özünün futbolçu karyerasına xitam verməsi haqda qərar qəbul edib.

Arena.az xatırladır ki, Pepenin çıxış etdiyi sonuncu klubu Portuqaliya nəhəngi “Portu” olub.

Xatırladaq ki, Pepe əslən braziliyalıdır və “Korintians Alaqoano” klubunun yetirməsidir. Müdafiəçi daha əvvəl çıxış etdiyi “Portu”ya 2019-cu ilin yanvarında azad agent qismində qoşulmuşdu. Pepenin “Portu” ilə müqaviləsinin müddətinin bu yay başa çatması ilə futbolçu, karyerasını bitirməyə qərar verib.

Geridə qalmış 2023/2024 mövsümündə müdafiəçi “Portu”nun heyətində bütün yarışlarda 34 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə verib. Pepenin “Portu” karyerası ümumilikdə 288 oyun, 17 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

Pepenin karyerasının ən məhsuldar dövrü və püxtələşərək tanınması “Real”ın adı ilə bağlıdır. Portuqaliyalı oyunçu İspaniya nəhəngi ilə çoxsaylı qənimətlər qazanıb. Pepe “Maritimo” və “Beşiktaş”da da çıxış edib.

Pepe 2007-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 141 oyuna 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

Əlavə edək ki, Pepə “qoca” yaşında böyük futbolda məhz yaşı ilə bağlı bir çox rekordlar müəyyənləşdirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: