Peti: “Mbappe yığmanın kapitanı olmağa layiq deyil”

Fransa yığmasının sabiq futbolçusu Emmanuel Peti “xoruzları”ın kapitanı, ulduz hücumçu Kilian Mbappe haqda danışıb.

Arena.az COPE dərgisinə istinadən məlumat verir ki, Peti Mbappenin hazırda Fransa yığmasının kapitanlıq sarğısını daşımğa layiq olmadığı qənaətindədir.

“İndiki məqamda o, kapitan adına layiq deyil. Çünki Kilian kifayət qədər məsuliyyət daşımır. O, AÇ-2024-ün yarımfinalında oynayacaq, ancaq ona görə ki, rəqib İspaniya yığmasıdır. Yoxsa onu ehtiyat oyunçular skamyasında saxlayardım”, deyə Peti vurğulayıb.

Vurğulayaq ki, Mbappenin ünvanına tənqidlər bitib-tükənmir. Bu mənzərədə siyasi baxışlarını da açıq surətdə bəyan edən fransalı ulduz hər vəchlə diqqəti üzərinə çəkməklə, ictimaiyyətdə qıcıq doğurur.

Xatırladaq ki, Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı. Sonra təcili tibbi yardım almış Mbappe indi meydana qoruyucu maska ilə çıxaraq oynayır və məhz bu səbəbdən tam gücü ilə oynamadığı iddia edilir.

Xatırladaq ki, AÇ-2024-ün yarımfinal mərhələsinin İspaniya – Fransa oyunu bu gün, iyulun 9-da Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.