Pol Poqba: “Karyeramı hələ bitirməmişəm”

“Yuventus”un yarımmüdafiəçisi, dopinq qəbuluna görə 4 illik müddətə futboldan kənarlaşdırılmış Pol Poqba gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az Poqbanın bu barədə cavabını təqdim edir:

“Mən heç vaxt futbola xitam verdiyimi deməmişəm. Mən oynamağı dayandırmaq istəmirəm. Haqsızlığın qurbanı oldum, amma yenə də qayıtmaq imkanım var. Məşqə davam edirəm, özümü hələ də futbolçu olaraq hiss edirəm. Hələ də “Yuventus”la müqaviləm var. Hələ direktor və məşqçi ilə əlaqə saxlamamışam – düşünürəm ki, müraciətimi gözləyirlər. Biz nikbin qalmalıyıq”, deyə Poqba vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Poqba dopinq müayinəsindən müsbət keçib. Cari ilin fevral ayının 29-da antidopinq məhkəməsi yarımmüdafiəçinin 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu apellyasiya şikayəti verib. Hazırda bu iş üzrə yekun qərar gözlənilir.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba geridə qalmış 2022/2023 mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pobqa “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: