“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının finalında “Mançester Yunayted” üzərində qələbəni (1:0) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, 59 yaşlı yunanəsilli avstraliyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Hələ də baş vermiş hadisəni dərk etməyə çalışıram. Bunun, bizim klub üçün nə qədər vacib olduğunu başa düşürəm. Təəssüf ki, qənimətsiz dövr nə qədər çox davam edirsə, bu silsiləni dayandırmaq bir o qədər çətin olur. Mən klubdakı hər kəsin gərginliyini hiss edirdim. Belə ki, onlar müvafiq vəziyyətlə artıq üzləşmişdilər. Bu ağır yükdən azad olmayınca, bunun necə olduğunu anlamaq çətindir.
Həmişə hesab etmişəm ki, ələmə oyunlarındakı futbol çempionat oyunlarındakı futbol qarşıdurmalarından fərqlənir. Belə bir vəziyyətdə olduqda, ən yaxşı təşkilatlanmanı təzahür etdirmək, özünə inanmaq, oyuna dəqiq plana malik olmaq və əsas məqamlara diqqət ayırmaq gərəkdir: rəqibin imkanlarını azaltmaq, etibarlı müdafiə olunmaq. Oyun vaxtı mən özümü inamlı hiss edirdim. Bilirdim ki, biz hesabda irəli çıxsaq, ona “Mançester Yunayted”in təhlükə yaradacaq bir çox cəhdələrinin qarşısını ala bilərik”, deyə “Ange” Postekoqlu vurğulayıb.
Avropa Liqasında qalibiyyət sayəsində “Tottenhem” növbəti mövsümün Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə əldə edib. Maraqlıdır ki, İngiltərə Premyer Liqasının yarış cədvəlində “Tottenhem” 17-ci pillədə qərarlaşıb.
Əlavə edək ki, “mahmızlar” 2008-ci ildən bəri ilk qənimətini qazanıblar, 1984-cü ildən bəri ilk dəfə olaraq isə avrokuboklarda qalibiyyət əldə ediblər.


