Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı autsayderlər qrupunda qərarlaşmış “Kəpəz”lə lider “Qarabağ” arasında baş tutacaq. Bu komandalar məlum səbəblərdən Gəncədə yox, Qəbələdə üz-üzə gələcəklər. Ağdam klubu hazırda 44 xalla zirvədə qərarlaşıbsa, Gəncə təmsilçisi 17 xalla 9-cudur. Qurban Qurbanovun çalışdırdığı kollektiv Premyer Liqa çərçivəsində ardıcıl 9-cu qələbəsini qazanmağa çalışacaq.
“Kəpəz”lə “Qarabağ” daha öncə 55 oyunda üz-üzə gəliblər və 11 dəfə “sülh bağlayıblar”. Qalan görüşlərdən 14-də gəncəlilər, 30-da ağdamlılar qalib gəliblər. “Qarabağ” son 19 qarşılaşmada qol vurub. “Kəpəz” son 30 görüşdə bu rəqibinə qalib gəlməyib.
Digər oyun “Zirə” ilə “Sabah” arasında baş tutacaq. Zirəlilər hazırda 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Cari mövsümdə uğursuz çıxışı ilə seçilən “bayquşlar” isə 23 xalla 8-cidirlər.
Rəşad Sadıqovun çalışdırdığı “Zirə” Premyer Liqada keçirdiyi son 6 oyunda qələbə qazana bilməyib. Bu üzdən “qartallar” uğursuz gedişata son qoymağa çalışacaqlar. “Sabah” isə son üç oyunundan 2 məğlubiyyət, 1 heç-heçə ilə ayrılıb.
“Zirə” ilə “Sabah” daha öncə 21 oyunda üz-üzə gəliblər. Bu oyunlarda zirəlilərin 6 qələbəsi varsa, “Sabah” 9 dəfə oxşar uğura imza atıb. 6 oyun da bərabərliklə bitib. “Zirə” son 3 görüşdə bu rəqibinə uduzmayıb. “Sabah” bu qarşılaşmalarda qol da vurmayıb.
Premyer Liqa
20-ci tur
26 yanvar
“Turan Tovuz” – “Səbail” 3:1
Qollar: Ayxan Hüseynov, 24. Luis Paçu, 73; 86 – Pedro Nuno, 81.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:00.
27 yanvar
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 15:00.
“Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.
28 yanvar
“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Dalğa Arena”, 15:00.
“Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 17:30.


