Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutacaq. Bu komandaların hər ikisi mövsümə çox yaxşı başlamışdılar. Amma 2024-cü ildə bu komandaların çıxışında və nəticələrində geriləmə diqqət çəkir. Naxçıvan təmsilçisi hazırda 31 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. “Zirə” isə 32 xalla 5-ci pilləyə düşüb. Zirəlilərin son 10 turda qələbəyə həsrət qalması da diqqət çəkir.
“Araz-Naxçıvan”la “Zirə” indiyə qədər cəmi 2 oyunda qarşılaşıblar. “Zirə” bu rəqibi ilə oyunlarda da qələbə qazana bilməyib. Əvvəlki oyunlardan biri heç-heçə, digəri isə Naxçıvan təmsilçisinin qələbəsiylə yekunlaşıb. “Zirə” əvvəlki qarşılaşmalarda qol da vurmayıb. “Araz-Naxçıvan” yeganə ev oyununda qələbə qazanıb. Bir sözlə, “Zirə” bu gün həm “Araz-Naxçıvan”la oyunlardakı uğursuz gedişata son qoymağa, həm də qələbə həsrətinin 11 oyuna çıxmamasına çalışacaq.
Turun və günün son qarşılaşması son çempion və lider “Qarabağ”la “Sumqayıt” arasında baş tutacaq. Bu komandaların əvvəlki 45 oyununda Ağdam təmsilçisi 34, Sumqayıt təmsilçisi 6 qələbə qazanıb, 5 görüş isə heç-heçə yekunlaşıb. “Qarabağ” son 11 oyunda qol vurub. “Sumqayıt” son iki matçda böyük hesabla uduzub. Amma hazırda “Sumqayıt”ın liderin əsas izləyicisi olması bu oyuna marağı ikqat artırır.
Premyer Liqa
24-cü tur
23 fevral
“Kəpəz” – “Qəbələ” 2:1
Qollar: Georgi Papunaşvili, 19. Amil Yunanov, 66-pen – Osama Xalayla, 44.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qəbələ şəhər stadionu, 17:00.
24 fevral
“Turan Tovuz” – “Neftçi” 1:1
Qollar: Fərid Nəbiyev, 89 – Yeqor Boqomolski, 72.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu, 15:00.
“Səbail” – “Sabah” 2:0
Qollar: Aleksandr Ramalinqom, 52. Samir Abdullayev, 90+2.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 17:30.
25 fevral
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Dalğa Arena”, 16:30.
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


