PSJ məhkəmə qərarını pozdu – Klub Mbappenin borcunu ödəmir

Fransa nəhəngi PSJ məhkəmənin qərarına rəğmən, parislilərin fransalı keçmiş hücumçusu Kilian Mbappeyə olan borcunu ödəməkdən imtina edib.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, oktyabrın 25-də Peşəkar Futbol Liqasının (LFP) Birləşmiş Apellyasiya Komitəsi Kilian Mbappe və PSJ arasında yaranmış maliyyə mübahisəsi ilə bağlı, futbolçunun xeyrinə qərar çıxarıb. Buna rəğmən, Paris klubu Mbappeyə olan 55 milyon avro məbləğində borcunu ödəməyəcəyini açıqlayıb:

“Mbppe açıq və təkrarlanan ictimai və özəl öhdəliklər götürmüşdü. Klub ondan Parisdəki yeddi il ərzində bizimlə əldə etdiyi görünməmiş faydalar mənzərəsində, ondan hörmət göstərməsini xahiş edir.

Klub bu öhdəliklərə əməl ediləcəyinə ümidvardır, amma oyunçu bu mübahisəni davam etdirmək qərarına gələrsə, klub bu məsələni səlahiyyətli məhkəmələrə vermək məcburiyyətində qalacaq. Klubumuz keçmiş oyunçusunun anlaşılmaz mövqeyinə görə, PSJ-yə dəymiş və vurmağa davam etdiyi zərəri tanıyacaq”, – Paris klubunun təmsilçilərindən adı açıqlanmayan biri bildirib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb. O, bu oyunlarda 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib. Hücumçu bu matçlarda 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: