Pyer-Emerik Obameyanq da Səudiyyə Ərəbistanına üz tutdu

Marsel “Olimpik”inin qabonlu hücumçusu Pyer-Emerik Obameyanq bundan sonra Səudiyyə Ərəbistanı çempionatında forma geyinəcək.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubuna keçib.

Marsel “Olimpik”i qabonlu hücumçusunun satışından 10 milyon avro gəlir götürüb. Obameyanq isə yaxşı qazanc əldə edəcəyi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Pyer-Emerik Obameyanq İtaliyanın “Milan” klubunun futbol akademiyasının yetirməsidir. Qabonlu hücumçu karyerası ərzində “Dijon”, “Lill”, “Monako”, “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi” kimi klublarda da çıxış edib.

Obameyanq Marsel “Olimpik”inə 2023-cü ilin iyul ayında azad agent qismində “Çelsi”dən keçmişdi. Qabonlu hücumçunun Fransa nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Geridə qalmış 2023/2024 mövsümündə Obameyanq Marsel klubunun heyətində 51 oyuna çıxıb. O, bu oyunlarda 30 qol vurub, 11 məhsuldar ötürmə verib.

Pyer-Emerik Obameyanq 2009-cu ilin martında debüt etdiyi Qabon yığmasının heyətində 77 oyuna 31 qol vurub, 10 məhsuldar ötürmə verib. Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan öz vətəni Qabonun xeyrinə seçim edib.

“Transfermarkt” internet-portalı 35 yaşlı qabonlu hücumçuunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Pyer-Emerik Obameyanqı Səudiyyə Ərəbistanı klubuna satan Marsel “Olimpik”i onun əvəzində İngiltərə nəhəngi “Mançester Yunayted”dən Meyson Qrinvudu transfer edib. Bu transfer üçün 26 milyon avrosundan keçən Fransa klubu yeni transfer ilə 5 illik müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: