Marsel “Olimpik”inin qabonlu hücumçusu Pyer-Emerik Obameyanq möhtəşəm qolçuluq nailiyyəti ilə diqqət mərkəzinə düşüb.
Arena.az məlumat verir ki, Fransa Liqa 1-in 15-ci turu çərçivəsində səfərdə “Loryan”ya oyunda vurduğu 2 qolla Marsel “Olimpik”inin 4:2 hesablı qələbəsinə töhfəsini vermiş Obameyanq, Avropanın böyük futbol beşliyi çempionatlarında səfər oyunlarında vurduğu qolların sayını 100-ə çatdırıb.
Hələ də Avropanın ən yaxşı 5 liqasında çıxış edən futbolçular arasında yalnız “Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski, “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn və “Latsio”nun italyan mərkəz hücumçusu Çiro İmmobile daha çox səfər qoluna imza atıblar. Levandovski 143 qol vurub, Keyn 119, İmmobile isə 101 dəfə fərqlənib.
Obameyanq Marsel “Olimpik”inə cari ilin iyulunda azad agent qismində “Çelsi”dən keçib. Qabonlu hücumçunun Fransa nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Obameyanq Marsel klubunun heyətində 21 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.
Obameyanq “Milan” futbol akademiyasının yetirməsidir. Qabonlu hücumçu karyerası ərzində “Dijon”, “Lill”, “Monako”, “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi”də çıxış edib.
Pyer-Emerik Obameyanq 2009-cu ilin martında debüt etdiyi Qabon yığmasının heyətində 74 oyuna 30 qol vurub, 10 məhsuldar ötürmə verib. Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan öz vətəni Qabonun xeyrinə seçim edib.
“Transfermarkt” internet-portalı 34 yaşlı Pyer-Emerik Obameyanqı 4 milyon avro məbləğində qiymətləndirir.


