“Qəbələ” son sınağında Çexiya klubuna məğlub oldu

2022/23 mövsümünün ikinci yarısı üçün hazırlığını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində sonuncu – üçüncü sınaq matçına çıxıb.

Sonuncu sınaq matçındakı rəqib Çexiyanın “Teplitse” komandası olub. Baş məşqçi Elmar Baxşıyev Çexiya təmsilçisi ilə görüşdə aşağıdakı start heyətinə şans verib: Səlahət Ağayev, Ürfan Abbasov, Məqsəd İsayev, Murad Musayev, Ruan Renato, Feras Abu Akal, İsnik Alimi, Rövlan Muradov, Ramon Maçado, Felipe Santos, Emil Səfərov.

Qarşılaşmada bütün qollar ilk 45 dəqiqədə vurulub. Öncə çexiyalılar hesabı açsa da, Ramon Maçado bərabərlik qoluna imza atıb. Fasiləyədək penalti imkanı qazanan rəqib bu şansdan yararlanıb. Fasilədə və ikinci hissədə hər iki komandanın heyətində dəyişikliklər olub. “Qırmızı-qaralar” hesaba tarazlıq gətirməyə çalışsa da, ikinci yarıda qol vurulmayıb. Beləliklə, komanda Antalyadakı son matçında 1:2 hesabı ilə uduzub.

Xatırladaq ki, “Qəbələ” buna qədər Antalyada daha iki yoxlama görüşü keçirmişdi. Sözügedən komanda yanvarın 12-də Rumıniyanın “Sepsi” (2:2), 14-də isə Almaniyanın “Lukenvalde” (3:2) klubu ilə üz-üzə gəlmişdi.

“Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra fikirlərini klub saytına açıqlayıb:

“Toplanış çərçivəsində son oyunumuz idi. Hazırlığın son altı günü ərzində üç matç planlaşdırmışdıq. Komanda meydanda istədiyimizi verməyə çalışırdı. Təlim-məşq toplanışı planımıza uyğun keçdi. Ən əsası isə hazırlıq prosesini zədələrsiz başa vurduq. Bəzi oyun elementlərinin üzərində işləyirdik və onlar matç ərzində gördük. Ümumilikdə komandadan razıyam. Futbolçular həm oyunlar, həm məşqlərdə səy göstərirdilər. Bütün fikrimiz toplanışla bağlı idi. Vətənə qayıtdıqdan sonra diqqətimiz Premyer Liqanın qarşıdakı görüşünə yönələcək. Hələlik yalnız Rafael Utziq komandaya qoşulmayıb. Onun qarşıdakı günlərdə məşqlərə qatılacağı gözlənilir. Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq. Bir mövqeni mütləq gücləndirməliyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: